26.07.2015 - 13:26

Xidmət obyektləri dövrü

Azərbaycan iqtisadiyyatında sıçrayışlı artımın başlanğıcı olan 2000-ci illərin əvvəlləri daşınmaz əmlak bazarında da dəyişikliklərin əsasını qoydu. Həmin dövrdən ticarət obyektlərini xidmət obyektləri əvəzləməyə başladı. Kafe, restoran, kiçik qəlyanaltılara, ev alqı-satqsı ofislərinə tələbat artdı. Bu sahənin pik dövrü 2004-2008-ci illərə təsadüf etdi. 2008-ci ildən sonra iaşə obyektlərinin bolluğu yarandığına görə bu sahəyə maraq azaldı, maliyyə böhranı ilə əlaqədar olaraq isə tikinti bumu durğunluq yaşadığından daşınmaz əmlak bazarında da sönüklük hökm sürdü.

2008-2010-cu illərdə qeyri-yaşayış sahələrinin istifadəsi daha çox gənc nəslin maraqlarına yönəldi. İnternet klubları, kompüter və telefon satış mərkəzləri çoxaldı, əyləncə və digər xidmət sahələrinə tələbat yarandı. Əsasən ali məktəblərə hazırlıq kursları sürətlə populyarlaşdı. Ali təhsilin gətirdiyi perspektiv və bu sahəyə marağın artması rieltorlardan münasib yer istəyən iş adamlarının sayının artmasına səbəb oldu. 2008-2010-cu illərdə bazarda belə obyektlərin sayı 20%-ə yaxınlaşdı. Amma 2010-cu ildən bu sahələr də öz yerini növbəti, daha tələbatlı xidmət obyektlərinə təhvil verməyə başladı. Səbəb bu növ mərkəzlərin də kütləvi hal alması oldu. Misal olaraq, əgər əvvəllər hazırlıq kursları üçün yer tapmaq məqsədilə ofislərə il ərzində orta hesabla 6-7 dəfə müraciət edilirdisə, 2011-ci ildə belə müraciətlərin sayı 1-2-yə endi.

2011-2012-ci illərdə müxtəlif biznes növlərinin populyarlaşması qeyri-yaşayış sahələrindən istifadənin yeni növlərini ortaya çıxardı. Bunlardan ən geniş yayılanı özəl uşaq bağçaları və özəl məktəblər oldu. Bu biznes sahələri gəlirliliyinə görə sürətlə yayılmağa başladı. Yüksək səviyyəli xidmət göstərən, xüsusi hazırlıq imkanları və menyusu olan belə məktəb və bağçaların əsas müştəriləri nisbətən imkanlı təbəqə olduğundan bu məqsədlə obyekt axtaranlar yaşayış massivlərinə yaxın, gediş-gəlişi rahat olan yerdə əlverişli sahələr axtarmağa başladı. Bağçalar nisbətən ucuz başa gəldiyindən hazırda da bu sahəyə tələbat davam etməkdədir. Uşaq bağçaları üçün adətən 250-300 kv.metrlik obyektlər tələb olunur. Daimi isti və soyuq suyu, işıq, qaz, havalandırma, kanalizasiya və istilik sistemlərinin olması ilə yanaşı, həyətyanı sahə kimi istifadə olunacaq sahəyə qarşı da xüsusi tələblər var. Belə ki, obyekt mütləq birinci mərtəbədə yerləşməli, otaqlar işıqlı olmalıdır. Ən əsas şərtlərdən biri burda nəmişliyin qətiyyən olmamasıdır. Əgər 3 il bindan əvvəl xidmət portfelində özəl məktəb və bağçaların payı heç yox idisə, indi bu hissə 6-7% təşkil edir.

Website developed by Cogito AD